Tarixdəki olaylar
6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nümayəndə heyəti İstanbulda Osmanlı Sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyəti heyətinin ilk xarici səfəri idi. Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərilməsi və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsi əsas mövzu olub.
6 sentyabr 1936 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “SSRİ Xalq artisti” adı təsis olunub. Sovet İttifaqında mədəniyyət xadimlərinə verilən ən yüksək fəxri ad olub. Azərbaycandan bu ada ilk olaraq 1938-ci ildə Üzeyir Hacıbəyli, Bülbül və Şövkət Məmmədova layiq görülüblər.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 sentyabr 1928 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Fyodoroviç Svetlanov (1928 – 3.5.2002) anadan olub.
6 sentyabr 1945 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (18.4.1873 – 1945) vəfat edib. Şuşada dünyaya gələn sənətkar Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
6 sentyabr 2007 – Dünyaca məşhur italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 – 2007) vəfat edib.
6 sentyabr 2015 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (16.7.1958 – 2015) vəfat edib. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.
Hazırladı: Vüqar Orxan