Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi (RMİ) Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə şəhər və kənd mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Əsas müzakirə mövzusu mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsi, iş prosesində səmərəliliyin artırılması olub.

Lənkəran-Astara RMİ-nin rəis müavini Dadaş Muxtarlı bu istiqamətdə mövcud vəziyyətə dair ətraflı təhlil apararaq, bir sıra irad və təklifləri diqqətə çatdırıb. Kollektivlərdə yaradıcı mühitin formalaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb.

Müşavirənin sonunda isə Zövlə kənd Mədəniyyət evinin bədii rəhbəri Allahyar Əsgərova mədəniyyət sahəsində göstərdiyi xidmətlərə və 65 illik yubileyi münasibətilə təşəkkürnamə təqdim olunub.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri “Stil və ruh” adlı rəsm müsabiqəsində uğur qazanıblar. İstedadlı yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması məqsədi daşıyan müsabiqə “Binyamin Gallery” tərəfindən təşkil olunub.

Nəticələrə əsasən Mələk Hüseynzadə, Polina Şabanova və Nərmin Rüstəmzadə I, Şəbnəm Paşayeva, Fatimə Qənbərzadə və Güllü Cəbrayılzadə II, Ayan Qafarzadə, Zəhra Dövlətova və Gülçin Əliyeva III yerə layiq görülüblər.

***

Masallıdakı Heydər Əliyev Mərkəzində görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illiyi münasibətilə kiçikyaşlı təsviri sənət həvəskarları ilə görüş keçirilib.

Mirzə Qədim İrəvaninin irsini uşaqlara tanıtmaq və onların yaradıcılıq ruhunu təşviq etmək məqsədi daşıyan görüş zamanı sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, onun milli təsviri sənətə töhfələri vurğulanıb.

***

Lerik rayonundakı Heydər Əliyev Mərkəzinə isə kənd mədəniyyət müəssisələrinin əməkdaşları üçün ekskursiya təşkil edilib. Ekskursiya iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.

Ümummilli liderin dövlətçilik tarixindəki rolu, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğısı barədə ətraflı məlumat verilib.

Hazırladı: N.Məmmədli