Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci sənət mövsümünün (2025/2026) başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Bu barədə teatrdan məlumat verilib.

Toplantıda teatrın direktoru Naidə İsmayılzadə kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb. Direktor bu mövsümdə hazırlanacaq yeni səhnə əsərlərindən, kollektiv iş prosesinin vacibliyindən söhbət açıb.

Diqqətə çatdırılıb ki, ötən mövsümdə sənət ocağı yeddi yeni tamaşa təqdim edib. Teatrın bölgələrə və festivallara uğurlu qastrol səfərləri reallaşıb. Növbəti aylarda teatrda Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesi əsasında tamaşanın, uşaqlar üçün “Küllücə” nağılı əsasında eyniadlı səhnə əsərinin məşqlərinin başlanılması nəzərdə tutulur.

Sonra teatrın rəhbərliyi və kollektivi əlbisə sexinin işçisi Tamilla Əliyevanı 65 illik yubileyi münasibətilə təbrik ediblər.

Toplantıda teatrın tərəfdaşları – Səbail Rayon İcra Hakimiyyəti, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, “Zəfər" Şəhid Ailələrinə Dəstək və ''Böyük Qayıdış" Gənclər Təşkilatı ictimai birliklərinin nümayəndələri də iştirak ediblər.

Teatrın yaradıcı heyəti səmərəli fəaliyyətlərinə görə tərəfdaşlar tərəfindən diplom və mükafatlar təqdim olunub.

Eləcə də 2025-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı tərəfindən təsis olunmuş “Alqış” mükafatına teatrın ötən mövsümdə ən uğurlu işi kimi “Şah Abbas namə” tamaşasının yaradıcı heyəti layiq görülüb.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrı 98-ci mövsümü sentyabrın 19-da “Solğun çiçəklər” (Cəfər Cabbarlı) tamaşası ilə açacaq.