Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin “Xarici İşlər Nazirliyi” kimi təqdim edilmiş binanın söküntüsünə başlanılıb.

Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası dövlət suverenliyi və ərazi bütövlüyünü tam bərpa edərək, regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu tarixi Zəfər ilə regionda dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması istiqamətində mühüm addım atıldı. Artıq beş ildir, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq prosesi həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən bu proqram yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli bir prosesdir. Proqram çərçivəsində azad olunmuş ərazilərdə, şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri qurulur. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur, tarixi abidələr yenidən dirçəldilir.

Bu tikinti dalğasının davamı olaraq 2025-ci ilin sentyabr ayında Xankəndi şəhərində daha bir mühüm və rəmzi layihənin gerçəkləşdirilməsinə başlanılır. Uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb və yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.

Binanın söküntüsünün 2 sentyabr tarixində – vaxtilə (1991) qondarma “respublika”nın elan olunduğu gündə başlanması rəmzi məna daşıyır. Bu tarixin seçilməsində məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.

Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Uzun illər dağıntı və qanunsuz separatizmlə assosiasiya olunan binanın yerində tikiləcək bina dirçəlişin və quruculuğun rəmzinə çevriləcək. Burada Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesində birbaşa iştirak edən peşəkar mütəxəssislər çalışacaqlar.

Baş İdarənin 3 mərtəbəli binası müasir memarlıq üslubunda inşa ediləcək və 2027-ci ildə istismara veriləcək.