Sentyabrın 1-də məşhur xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin (1838–1924) vəfatının 101-ci ildönümü tamam olub. Bu münasibətlə Bakının Mərdəkan qəsəbəsində Tağıyevin məzarı önündə anım mərasimi keçirilib.
Mərasim iştirakçıları Axund Abuturab türbəsində yerləşən Hacı Zeynalabdin Tağıyevin və qızı Sara xanımın məzarları önünə gül dəstələri düzüblər.
Tağıyevin böyük qızı Sara xanımın nəticəsi İnessa Kərimova qeyd edib ki, bu nəslə mənsub olduğu üçün fəxr edir. “Mənim rəhmətlik nənəm, Sofiyə Abdullayeva Hacı Zeynalabdin Tağıyevin nəvəsidir. Tağıyev tarixə təkcə neft sənayeçisi, iş adamı və sahibkar kimi deyil, həm də böyük xeyriyyəçi kimi düşüb. Onun xidmətləri sadalanmaqla qurtaran deyil...”.
Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il Hacı Zeynalabdin Tağıyevin anım tədbirinin keçirildiyini vurğulayıb, neft milyonçusunun xeyirxah əməllərindən danışıb.
Bildirilib ki, Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Elə buna görə hələ sağlığına ona “el atası” deyiblər. O, Bakı Dumasının üzvü seçilib, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak edib. Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı. Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak edib. Onun böyük xidmətlərindən biri də millətinin övladlarının oxuması üçün göstərdiyi səylər olub. Tağıyev 1901-ci ildə Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Qafqazda yeganə qızlar məktəbi idi.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri professor Fuad Məmmədov, Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva Tağıyevin ictimai, maarifçilik fəaliyyətindən bəhs ediblər.
Sonda Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxunub, xatirəsi bir daha ehtiramla yad edilib.