Tarixdəki olaylar

 

2 sentyabr 1829 – Rusiya-Osmanlı müharibəsinin (1828–1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. Osmanlı dövləti Ahalsıx bölgəsinin (indiki Gürcüstanın Samtsxe-Cavaxeti regionu) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Tiflis, İrəvan və Naxçıvanda da yerləşdi.

 

2 sentyabr 1945 – Yaponiyanın SSRİ və ABŞ qarşısında kapitulyasiyasından sonra İkinci Dünya müharibəsi rəsmən başa çatıb. ABŞ-nin “Missuri” gəmisində imzalanan kapitulyasiya haqqında akta əsasən, Yaponiyanın işğalı altında olmuş Koreya yarımadası 38-ci paralel üzrə ABŞ (cənub) və SSRİ (şimal) arasında bölünüb. Mancuriya Çinə, Kuril adaları SSRİ-yə verilib. ABŞ Yaponiya ərazisində hərbi baza saxlamaq hüququ əldə edib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

2 sentyabr 1909 – Yazıçı-dramaturq, tərcüməçi Rza Nəbi oğlu Şahvələd (1909 – 2.7.1984) Tiflisdə anadan olub.

 

2 sentyabr 1916 – Türk kinorejissoru, ssenarist Mehmet Lütfi Akad (1916 – 19.11.2011) anadan olub.

 

2 sentyabr 1916 –  Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916 – 17.4.1998) Naxçıvan MR Kəngərli rayonunun Xok kəndində doğulub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib.

 

2 sentyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Pavloviç Leonov (1926 – 29.1.1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.

 

2 sentyabr 1930 – Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930 – 23.12.1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.

 

2 sentyabr 1947 – Xalq artisti, tarzən Fikrət Süleyman oğlu Verdiyev (1947 – 22.12.2022) Gəncə şəhərində doğulub. “Göygöl” xalq çalğı alətləri ansamblının yaradıcısı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

 

2 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Soltan oğlu Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. “Firuzə” operası, “Memorial” kantatası, “Naxışlar” fantaziyası və digər əsərlərin müəllifidir.

 

2 sentyabr 1949 – Teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov (1949 – 4.10.2016) Bakıda doğulub. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.

Hazırladı: Vüqar Orxan