Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə (Vyana şəhərində yerləşir – red.) tapşırılıb.
Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.
Məlumatda vurğlanır ki, sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək.
***
Xatırladaq ki, 24 mart 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (1995-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT) Şurasının Helsinkidə (Finlandiya) keçirilən toplantısında Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk şəhərində (Belarus) beynəlxalq konfrans keçirmək barədə qərar qəbul edilib. Minsk Konfransı ilə bağlı Azərbaycan, Ermənistan, ev sahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-cü ildən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-nin iştirakı ilə işçi format – Minsk Qrupu yarandı.
Sonrakı müddətdə Minsk Konfransı çağırılmasa da, Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərirdi.