Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Qusar rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən "Şəfa" istirahət mərkəzində səyyar kitabxana xidməti təşkil olunub.

Sərgi zamanı kitabxananın fonduna daxil olan yeni kitablar, bədii ədəbiyyat, o cümlədən uşaq ədəbiyyatı nümunələri nümayiş olunub.

Mərkəzi Kitabxana tərəfindən rayon ərazisində fəaliyyət göstərən digər mədəniyyət və istirahət mərkəzlərində də səyyar kitabxana xidmətlərin keçirilməsi nəzərdə tutulub.

***

Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyində Əməkdar məşqçi, görkəmli idman xadimi Əhməddin Rəcəblinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yubilyarın həyat yolu, uzun illər ərzində idmanın, xüsusilə cüdonun inkişafına verdiyi töhfələr, yetirmələrinin uğurları və idmana həsr etdiyi ömür barədə geniş məlumat verilib, videoçarx nümayiş olunub.

Əhməddin Rəcəbli tədbir iştirakçıları ilə səmimi söhbət apararaq, öz həyat təcrübəsini, idmanda uğura gedən yoldakı əsas prinsipləri onlarla bölüşüb.  

Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə də tanış olublar.

***

Quba rayon Heydər Əliyev Mərkəzində isə gənclərin maarifləndirilməsi məqsədilə “Erkən nikaha son!” mövzusunda tədbir keçirilib.

Quba rayon MKS və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi ilə birgə təşkil edilən tədbirdə erkən nikahların gənclərin təhsilinə, psixoloji sağlamlığına və həyat yoluna mənfi təsirindən, cəmiyyət, ailə və xüsusilə gənclərin gələcəyi üçün yaratdığı fəsadlardan bəhs olunub.

Mövzu ilə bağlı slayd və film nümayiş olunub.

Hazırladı: N.Məmmədli