Avqustun 28-də Azərbaycan Milli Kitabxanasında “Clarivate” şirkətlər qrupuna daxil olan “Innovative Interfaces”in strateji məhsul satış meneceri Nabil Saadallah və şirkətin əməkdaşı Lyaziza Mukaşeva ilə onlayn görüş keçirilib.

Görüş zamanı Milli Kitabxananın fəaliyyətində gələcək mərhələdə “Sierra” (LSP) avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminə keçid planları müzakirə olunub.

Nabil Saadallah “Sierra” sisteminin üstünlükləri, kitabxana xidmətlərinin optimallaşdırılması və istifadəçilərə təqdim olunacaq yeni imkanlar barədə ətraflı məlumat verib.

Milli Kitabxananın rəhbərliyi bu platformanın tətbiqi prosesində nəzərə alınacaq proseslər, eyni zamanda yerli kitabxana şəbəkəsinə uyğunlaşdırma imkanları barədə təkliflərini diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda Azərbaycan Milli Kitabxanasında “Virtua” sistemi fəaliyyət göstərir. Gələcəkdə nəzərdə tutulan “Sierra” platformasına keçid “Virtua”nın davamı və daha təkmil versiyası kimi dəyərləndirilir.

Görüş bu sahədə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.