Xəbər verdiyimiz kimi, 2025-ci il üzrə "MDB-nin Mədəniyyət Paytaxtı" missiyasını daşıyan Laçın şəhərində 25-29 avqust tarixlərində silsilə tədbirlər keçirilir. Bu çərçivədə şəhərdə “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” təşkil edilib.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.
Avqustun 26-da şəhərdəki "Laçın" kinoteatrında kino günlərinin açılışı olub.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, digər rəsmilər, MDB ölkələrindən qonaqlar, doğma yurda qayıtmış laçınlı kinosevərlər iştirak ediblər.
Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov çıxış edərək Laçında keçirilən ilk beynəlxalq kino tədbirinin əhəmiyyətini vurğulayıb. O, layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.
Qeyd olunub ki, üç gün davam edəcək kino günlərində 7 ölkədən səkkiz film nümayiş etdiriləcək.
Sonra tədbir iştirakçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə "Hoçazfilm" kinostudiyasında istehsal olunmuş "Laçın, qubernator və mən" (rejissor: Amil Amal) sənədli filminə baxıblar.
Ekran işi Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətini əks etdirir.
Filmə baxışdan sonra rejissor Amil Amal ekran əsərinin ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə bütün qurumlara təşəkkürünü bildirib.
Həmin gün "Nabat” (rejissor: Rəşid Süleymanov, Qazaxıstan) və “Esimde” (rejissor: Aktan Arım Kubat, Qırğızıstan) filmləri də nümayiş olunub.
“MDB ölkələrinin Beynəlxalq Kino Günləri” avqustun 28-də başa çatacaq. Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” də 29 avqustadək davam edəcək.