Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda qazaxıstanlı rəssam Batuxan Baymenin “Nomade: Black & White" ("Köçəri: Qara və Ağ") adlı fərdi sərgisi açılıb.

Açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, mədəniyyət xadimləri, sənətsevərlər iştirak ediblər.

Müəllif Batuxan Baymen ekspozisiyada yer alan əsərləri barədə məlumat verib.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirib. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafik işlərində bu motivlərə xüsusi yer verib.

Sərgi sentyabrın 15-dək davam edəcək.

Batuxan Baymen Qazaxıstanın tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, köçəri dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edir.