Gürcüstanda 2009-cu ildə əsası qoyulan “Qızıl göz” beynəlxalq operatorlar festivalı bu il növbəti dəfə keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) bildirilib ki, rəsmi müraciətə əsasən azərbaycanlı operatorlar da sənət yarışmasında iştirak edə bilərlər.

Festival film və televiziya operatorlarının yaradıcılıq və peşəkarlığının inkişafını dəstəkləyir. Hər il tədbirə müxtəlif ölkələrdən tanınmış operatorlar qatılır.

Müsabiqə proqramı mədəniyyət, turizm, etnoqrafiya, bədii operator işi (təhkiyə) və təbiət mövzusu üzrə keçiriləcək. Əlavə olaraq, beynəlxalq münsiflər heyəti qalibləri “Ən yaxşı tələbə işi”, “Ən yaxşı televiziya operatoru işi”, “Ən yaxşı film operatoru işi” və “Qran-pri” nominasiyalar üzrə seçəcək.

Müraciət üçün işlərin Full HD formatında minimum (1920×1080) ölçüdə hazırlanması və elektron poçt üzərindən platforma linki (“YouTube”, “Vimeo”, “WeTransfer” və s.) ilə təqdim edilməsi tələb olunur.

Ərizələrin qəbulu sentyabrın 10-dək aparılacaq. İştirak etmək istəyənlər ərizə forması üçün info@aki.az elektron ünvanına müraciət edə bilərlər.