Avqustun 27-də Çindən olan səyahətçilər üçün Azərbaycanın prioritet turizm istiqaməti kimi cəlbediciliyini artırmaq və ölkənin turizm sənayesinin onları qəbul etməyə hazırlığını təmin etmək məqsədi daşıyan “China Ready” proqramının təqdimatı keçirilib.
Tədbirdə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev çıxış edib. O qeyd edib ki, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri turizm sahəsində ikitərəfli münasibətlərin inkişafı üçün yeni perspektivləri və vəzifələri müəyyənləşdirib. F.Nağıyev iki ölkə vətəndaşları üçün vizaların ləğvinə dair sənədi xatırladaraq bildirib ki, bu, turist axınının artmasına, turizm sənayesində işgüzar fəallığın genişlənməsinə, həmçinin iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına töhfə verəcək.
DTA sədri qeyd edib ki, Çin Azərbaycan turizmi üçün strateji əhəmiyyətli və prioritet bazarlardan biridir. Son illər çinli turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur və Çin bazarında fəal iştirakı təmin etmək və onun potensialından daha səmərəli istifadə etmək məqsədilə bu ölkədə Azərbaycan Turizm Bürosunun daimi nümayəndəliyinin açılması nəzərdə tutulur.
O diqqətə çatdırıb ki, 2025-ci ilin 7 ayı ərzində 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93 faiz artaraq 44 min 800 olub.
"Bu gün biz ölkəmizə gələn çinli turistlərin daha rahat qonaqlamasını təmin etmək üçün hazırlıq səviyyəsinin artırılmasına istiqamətlənmiş “China Ready” konsepsiyasını təqdim edirik. “China Ready” proqramı beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və çinli turistlərin qəbulu üçün vacib tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılan proqram bu gün də Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr və təşkilatlar üçün nümunəvi model olaraq qalmaqdadır. Biz də öz növbəmizdə ölkəmizdə turizm sənayesi nümayəndələrinin çinli ziyarətçilər üçün tam hazırlıqlı olması məqsədilə proqramın tətbiqinə dəstək veririk”, - deyə F.Nağıyev bildirib.
"Bu gün Çin dünyanın ən böyük xarici turist bazarıdır və Azərbaycanın bu geniş bazardakı payı getdikcə artır. “China Ready” platforması çinli alıcıları beynəlxalq turizm istiqamətləri ilə birləşdirir. Bu tədbiri ilk dəfə Azərbaycanda təşkil edərək, Çinin aparıcı 15 alıcısını ölkəmizdə qəbul edəcəyik. Onlar seminarlar, fərdi görüşlər və ölkənin müxtəlif bölgələrinə tanıtım səfərləri vasitəsilə Azərbaycanı birbaşa təcrübə edəcəklər” - bunu isə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid (Sengstschmid) deyib.
O vurğulayıb ki, burada əsas məqsəd yalnız Azərbaycanın təbliği deyil, həm də yerli tərəfdaşlarımızın Çinli turistlərin xüsusi ehtiyaclarına cavab verəcək şəkildə tam hazırlıqlı olmalarını təmin etməkdir: "Bu istiqamətdə artıq müəyyən addımlar atmışıq. Bəzi hotellər Çin dilində danışa bilən işçilər işə götürür, “UnionPay” ödəniş terminalları ölkə üzrə tətbiq edilir, həmçinin Bakıda Çin restoranlarının sayı sürətlə artır. Bu səyləri daha strukturlaşdırılmış və sistemli şəkildə davam etdirmək üçün bu gün “China Ready” proqramının tətbiqinə başlayırıq və hamınızı bu səyahətdə fəal iştirak etməyə və öhdəlik götürməyə dəvət edirəm. Bu proqram çinli turistlərə hazırlıq üzərində qurulmuş ortaq öhdəliyimizə əsaslanır".
Qeyd edək ki, “China Ready” proqramı çərçivəsində turizm sənayesinin 100-dən çox nümayəndəsi, o cümlədən mehmanxanaların, nəqliyyat şirkətlərinin əməkdaşları, bələdçilər və hava limanının işçiləri ixtisaslaşdırılmış treninq keçəcəklər. Treninq zamanı onlara Çində turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brendin qurulması, turizm məhsullarının hazırlanması, istehlakçı davranış modelləri və bu ölkənin bazarına daxil olmaq üçün strategiyalar haqqında materiallar təqdim olunacaq.
Buraxılış imtahanından uğurla keçən treninq iştirakçılarına rəsmi sertifikat təqdim ediləcək və növbəti 12 ay ərzində onlar Çinin turizm bazarı ilə bağlı yenilikləri e-poçt vasitəsilə alacaqlar.
“China Ready” proqramı beynəlxalq səviyyədə tanınan treninq və sertifikatlaşdırma sistemidir. 2002-ci ildə yaradılmış bu proqram Çinin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr üçün nümunəvi modeldir və artıq 53 ölkədə tətbiq edilib.