Tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadənin Almaniyanın “Bridje kamera” orkestri ilə birgə konserti bu ölkənin ARTE telekanalında nümayiş olunub.
Qeyd edək ki, konsert bu il aprel ayının 12-də Almaniyanın Frankfurt şəhərində “Sendesaale” musiqi salonunda keçirilib.
Bu barədə məlumat verən tarzən bildirib ki, “Bridje kamera” orkestri (Bridges Kammerorchester) Almaniyada nüfuzlu və öz repertuarı ilə seçilən musiqi kollektivlərindən biridir. İlk dəfə 2023-cü ildə bu orkestrlə çıxış etdiyini deyən Sahib Paşazadənin sözlərinə görə, orkestrin özəlliyi ondadır ki, burada həm Qərb, həm də Qərq musiqi alətləri yer alır. Şərq alətləri sırasına tar, kamança, qanun, ney, zərb alətləri, həmçinin monqol və Çin milli alətləri daxildir: “Orkestr repertuarında, klassik nümunələrlə yanaşı, müasir bəstəkarların əsərlərinə də geniş yer ayırır. 2023-cü ildə bu orkestrlə birlikdə İ.S.Bax, L.V. Bethoven, A.Vivaldinin, eləcə də müasir bəstəkarların əsərlərini ifa etmişdim”.
“Bridje kamera” orkestri 2023-cü ildə geniş repertuara və improvizə bacarığına malik tarzən axtarışında olarkən Almaniyada yaşayan həmyerlimiz, bəstəkar-musiqişünas Xədicə Zeynalovaya müraciət edir. O da orkestrə Sahib Paşazadə ilə çalışmağı məsləhət görür.
Sahib Paşazadə: “2023-cü ildə iyun–iyul, sentyabr–oktyabr–noyabr aylarında 12 şəhərdə müxtəlif repertuarla çıxışlarımız oldu. Bu konsertlər çox böyük rezonans doğurdu və bəyənildi. Konsertləri fərqli dirijorlar idarə edirdi və onlardan biri də məşhur dirijor Harish Shankar idi. Harish Shankardan 2025-ci ildə 4 fərqli fəsildə çıxış üçün dəvət aldım. Həm işlərin çoxluğu, həm də digər səfərlərlə əlaqədar yalnız aprel ayında baş tutan konsertdə çıxışa razılaşdım. Buna da əsas səbəb o idi ki, konsert üçün Əli Rza Megrazi, Hindol Deb və Peter Klohmann solo tar üçün “Fərqlilik” adlı əsər yazmışdılar və həmin əsərin solo ifaçısı olaraq orkestr məni dəvət etmişdi. Kifayət qədər böyük bir auditoriya Azərbaycan tarının "Bridje kamera" orkestri ilə çıxışını izlədi və gur alqışlarla qarşıladı. Konsert bütövlükdə “Zaman və məkandan kənarda” adı ilə təqdim olunurdu”.
Tarzən onu da vurğulayır ki, 2023-cü ildə “Bridje kamera” orkestri ilə Xədicə Zeynalovanın tar və orkestr üçün “Yanardağ” əsərini də solo ifa edib. Orkestr mütəmadi olaraq Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edir: “Bu sırada Həsən Rzayevin “Çahargah” əsərini də qeyd edə bilərik. Bu illər ərzində orkestrdə bir neçə Azərbaycan bəstəkarının əsəri səslənib. Kollektiv növbəti illərdə Azərbaycandan olan gənc bəstəkarlarla birgə çalışmaq eyni zamanda ölkəmizdə təşkil edilən festivallara qatılmaq arzusundadır. Həm tərkib, həm də ultramüasir əsərlərə müraciət baxımından bu orkestrlə çıxış etmək çox xoşdur. Almaniyanın şəhərlərində tanınan orkestrlə Azərbaycanın milli musiqi aləti, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil olan tar alətimizi təbliğ etmək mənim üçün ifaçı olaraq, əlbəttə ki, fəxrdir. Tar alətimizin texniki imkanları, orkestrlə həm notlu həm də improvizə şəklində çıxışlarım tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı”.
Onu da əlavə edək ki, orkestr 2019-cu ildə fleyta ifaçısı Johanna Leonore Dahlhoffun təşəbbüsü ilə yaradılıb. Çox istedadlı musiqiçilərdən ibarət kollektiv Sahib Paşazadə Almaniyada olduğu müddətdə simli alətlər qrupuna rəhbərliyi ona həvalə edir. Bu da Azərbaycan ifaçısının peşəkarlığına və milli musiqimizə verilən çox böyük dəyərdir.
Almaniyanın və Avropanın ən məşhur konsert salonlarında çıxış edən “Bridje kamera”nın geniş dinləyici auditoriyası var. Öz multikultural repertuarını yaradan orkestr, dəyişən dəvətli dirijorları və solistləri olmaqla yanaşı, daimi heyətlə çıxış edir. Dövlət tərəfindən və özəl sektordan böyük dəstək alan kollektiv müxtəlif festivalların, o cümlədən Özbəkistanda “Şərq təranələri” festivalının (Səmərqənd) iştirakçısı olub. Orkestr eyni zamanda təhsillə bağlı layihələrdə yaxından iştirak edir.