Layihə paytaxtda və bölgələrdə yerləşən 1200-dən artıq abidəni əhatə edəcək
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarix-mədəniyyət abidələrində məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb.
Layihənin məqsədi abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınmasıdır.
Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması nəzərdə tutulur.
Yeni lövhələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Lövhələrdə hər bir abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətibir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.