Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər Şəki-Zaqatala bölgəsində başa çatıb.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) nümayəndəsi Vüsal Həsənov bildirib ki, avqustun 4-də startı verilən ikinci mərhələdə bölgə üzrə 498 fərdi ifaçı, həmçinin 10 rəqs ansamblı və 7 xor kollektivi ümumilikdə 22 nominasiya üzrə öz istedadlarını nümayiş etdirib.

Münsiflər heyəti tərəfindən uşaqların ifaçılıq bacarıqları qiymətləndirilib. İkinci mərhələnin qalibləri festivalın yekun mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

RMİ nümayəndəsi bildirib ki, festivalı yalnız yarışma deyil, həm də uşaq və yeniyetmələrin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır. Ölkə üzrə minlərlə iştirakçısı olan festival milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.