Avqustun 20-də görkəmli dirijor və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 113-cü ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil-Muzeyinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda maestronun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Həmin gün eyni zamanda Niyazinin Mənzil-Muzeyində “açıq qapı” və tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və sənətkarın mənzil-muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin Azərbaycan musiqi tarixindəki rolundan danışıblar.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşı Xanım Abdinova “Niyazi xatirələrdə” kitabının davamı olan “Niyazi: məqalələr və məruzələr” kitabının elektron variantını təqdim edib.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Aliyə Zamanova maestro Niyazi haqqında xatirələrini bölüşüb, müəllifi olduğu “Mənim Niyazim” kitabını muzeyə və tədbir iştirakçılarına bağışlayıb.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbir bədii proqramla davam edib.