Azərbaycan Dillər Universitetində (ADU) “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinə start verilib. Layihə universitetin Beynəlxalq şöbəsinin təşəbbüsü və rəhbərliyi, ADU-nun beynəlmiləlləşmə strategiyasından irəli gələn məsələlərin həlli istiqamətində Türk Universitetlər Birliyinə üzv ali təhsil müəssisələrinin iştirakı ilə təşkil olunub.

ADU-dan bildirilib ki, bir həftə davam edəcək proqram “Dil və mədəniyyət” mövzusuna həsr edilib.

Universitetlə tanışlıqdan sonra iştirakçılar rektor Kamal Abdulla ilə görüşüblər.

Rektor görüşün elm və mədəniyyət mübadiləsinə yeni imkanlar açacağına inandığını deyib: “Azərbaycan Dillər Universiteti yalnız dil və mədəniyyətlərin öyrədildiyi bir təhsil ocağı deyil, həm də xalqları birləşdirən və mədəniyyətlərarası körpü rolunu oynayan bir elm mərkəzidir. Bizim əsas məqsədimiz müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, onların elmi və yaradıcılıq potensialını inkişaf etdirməkdir. Bu gün Türk dünyası universitetləri ilə əməkdaşlığımız genişlənir. Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması artıq gerçəkləşib, yaxın zamanda isə ADU-da Özbək Dili və Mədəniyyəti Mərkəzinin yaradılması nəzərdə tutulur. İnanıram ki, qarşılıqlı tərcümə layihələri sayəsində Azərbaycan ədəbiyyatı Türk dünyasına, Türk dünyasının dəyərləri isə Azərbaycan oxucusuna daha geniş şəkildə çatdırılacaq”.

Prorektorlar Həmidə Əliyeva və Jalə Qəribova ADU-nun fakültələri və mərkəzləri haqqında, həmçinin növbəti tədris ilində keçiriləcək konfranslar barədə qonaqları məlumatlandırıblar. Qeyd olunub ki, yaxın gələcəkdə tərcümə sahəsi ilə bağlı xüsusi konfrans təşkil olunacaq.

ADU tələbələri də layihənin koordinasiyasında yaxından iştirak edirlər. Yay məktəbinin proqramına Bakı şəhərinin tarixi yerlərinə ekskursiyalar, Şəhidlər xiyabanı və Fəxri xiyabana ziyarət, eləcə də Qobustan, “Atəşgah”, “Yanardağ” qoruqlarına, Milli Xalça Muzeyinə ekskursiyalar daxildir.

Layihədə Özbəkistan, Qazaxıstan və Türkiyənin müxtəlif universitetlərindən olmaqla ümumilikdə 11 nəfər iştirak edir.

Sonda iştirakçılara universitetin rəhbərliyi tərəfindən sertifikat veriləcək.