Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər Mərkəzi Aran bölgəsində də davam edir.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlar üzrə ilk mərhələdə uğur qazanan 787 nəfər fərdi iştirakçı, 15 kollektiv ümumilikdə 20 nominasiya üzrə öz bacarıqlarını nümayiş etdirir.
İkinci mərhələ region üzrə iki məkanda – Ağdaş rayon Heydər Əliyev Mərkəzində və Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi məktəbində keçirilir.
Festivalın keçirilməsinin əsas məqsədi uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsi, yeni istedadların üzə çıxarılması, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Qeyd edək ki, ölkə üzrə festivalın II seçim mərhələsinə avqustun 4-də start verilib. Mərkəzi Aran regionu üzrə festivalın bu mərhələsi avqustun 20-də yekunlaşacaq.
Nurəddin