Azərbaycan Yazıçılar Birliyinin Gənclər şurasının sədri şair Fərid Hüseyn Şimali Makedoniyada keçirilən Veleostova Poeziya Festivalında iştirak edib.

Festival çərçivəsində azərbaycanlı şairin Şimali Makedoniyada nəşr olunan “Yuxu kimi” (“Kako coн”) adlı şeirlər kitabının təqdimatı da olub.

Ohrid şəhərinin “Shilla” Mərkəzində təşkil edilən təqdimatda kitabın tərcüməçisi, şair Juliana Veliçkovskaya qonaqlara müəllifin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Fərid Hüseyn şeirlərində oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər yaradır. O, şeirlərində şəxsi itki, intizar və özünüaxtarış məsələlərindən bəhs edir, insanın mahiyyətcə hara və nəyə mənsub olması sualını qaldırır, bununla yanaşı yaşadığımız reallıqlara şahid nəzərləri ilə poetik münasibət bildirir.

Fərid Hüseyn şeirlərini oxuyub və kitabı haqqında ona ünvanlanan sualları cavablandırıb.

Şimali Makedoniyanın “ПНВ Публикации” nəşriyyatında çap olunan kitaba F.Hüseynin 30 şeiri daxil edilib.

Qeyd edək ki, beynəlxalq festivala İrlandiya, Xorvatiya, Rumıniya və Bolqarıstandan da şairlər qatılıb.

Festivalın xüsusi antologiyasında, ingilis və makedon dillərində yayımlanan “Qlaqoli” poeziya jurnalında şairlərin şeirləri dərc olunub.