Bu il Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan, milli ruhun və azad düşüncənin fədakar müdafiəçisi, görkəmli dramaturq, yazıçı, filoloq-alim, dövlət xadimİ Şıxəli Qurbanovun (1925–1967) anadan olmasının 100 illiyi tamam olur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Şıxəli Qurbanov haqqında elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, Əməkdar elm xadimi Əziz Mirəhmədovun “Şıxəli Qurbanov fenomeni” və filologiya elmlər doktoru Ramin Əhmədovun “Unudulmaz şəxsiyyət: Şıxəli Qurbanov” kimi məqalələrinin tam mətni təqdim edilir.
Elektron bazada görkəmli yazıçının Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Məlumat bazası “Filmoqrafiya”, “Notlar”, “Dissertasiya və avtoreferatlar”, “Elektron resurslar”, “Foto və videoqalereya” və s. bölmələrdən ibarətdir.
Kitabxana əməkdaşları tərəfindən yazıçının yubileyi ilə əlaqədar videomaterial da hazırlanıb.
Materialda Şıxəli Qurbanovun fəaliyyətinin təkcə ədəbiyyat, dilçilik və teatr sahəsi ilə məhdudlaşmadığı, onun milli ideyaların, milli bayramların və azərbaycançılıq düşüncəsinin dövlət səviyyəsində dirçəlişinin əsas təşkilatçılarından biri olması diqqətə çatdırılır. Məhz onun sayəsində 1967-ci ildə Novruz bayramının ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat verilir.
“Yazıçı, dramaturq Şıxəli Qurbanov 100” adlı videomaterial da kitabxananın saytında yerləşdirilib.