Tarixdəki olaylar

 

17 avqust 1945 – İndoneziya müstəqilliyini (1950-ci ildən İndoneziya Respublikası) elan edib. Ölkənin ərazisi XVII əsrdən Niderland Krallığının və qismən Portuqaliyanın nəzarətində idi. Əhali sayına (270 milyon nəfər) görə dünyada 4-cü yerdə olan İndoneziya eyni zamanda ən böyük müsəlman ölkəsidir.

 

17 avqust 1993 – Milli Məclis "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" qərar qəbul edib. Qərarda Ələkram Hümbətovun qondarma "Talış-Muğan Respublikası" yaratmaq cəhdi dövlətçilik əleyhinə qəsd kimi qiymətləndirilib. Həmçinin dövlət əleyhinə fəaliyyətdə, o cümlədən Ə.Hümbətovla işbirliyində günahlandırılan Rəhim Qazıyevin Milli Məclis üzvlüyündən azad edilməsi və barəsində cinayət işinin açılması barədə qərar qəbul edilib.

 

17 avqust 1999 – Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib. Gecə saat 3 radələrində meydana gələn və episentrdə (Gölcük) 7,6 bal gücündə hiss edilən fəlakət İstanbul, Bursa, Sakarya, Bolu, İzmit, Yalova və s. şəhərlərdə böyük dağıntı və insan tələfatına səbəb oldu. Rəsmi məlumatlarda zəlzələ qurbanlarının sayı təxminən 18 min nəfər göstərilmişdi.

 

17 avqust 2002 – Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb. Prezident Heydər Əliyevin fərmanı ilə Fondun Əsasnaməsi təsdiqlənib. Sənədə əsasən, Azərbaycan Beynəlxalq Bankında Fondun bank hesabları açılıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

17 avqust 1909 – Türkiyənin ilk qadın yazıçılarından Cahit Uçuk (əsl adı Cahide Üçok; 1909 – 7.11.2004) anadan olub. Uşaqlar üçün yazdığı kitablara görə beynəlxalq “Hans Christian Andersen mükafatı”na layiq görülüb.

 

17 avqust 1932 – Hind əsilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001) Vidiahar Surajprasad Naypol (Naipau; 1932 – 11.8.2018) Trinidad və Tobaqoda anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb.

 

17 avqust 1935 – Rus aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Pavloviç Tabakov (1935 – 12.3.2018) anadan olub. A.Çexovadına Moskva Bədaye Teatrına rəhbərlik edib, 100-dən çox filmdə çəkilib.

 

17 avqust 1942 – Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 – 25.10.2008) Bakıda doğulub. Beynəlxalq müsabiqələrin qalibi, Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində baş rola çəkilib.

 

17 avqust 1943 – Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 – 25.2.2016) anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub.

 

17 avqust 1951 – Tanınmış müğənni Cəfər Ağaəli oğlu Behbudov (1951 – 26.9.2019) Bakıda doğulub. 1991-ci ildən Ukraynada yaşayıb.

 

17 avqust 1958 – Musiqişünas, sənətşünaslıq namizədi Aytəkin Tofiq qızı Həsənova (1958–2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.

 

17 avqust 1998 – Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktoru, Milli Məclisin deputatı olub.

Hazırladı: Vüqar Orxan