Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşması davam edir.
Avqustun 15-də Ağdərə rayonunun daha iki yaşayış məntəqəsi – Vəngli və Kolatağ kəndləri doğma sakinlərini qəbul edib.
Ağdərə rayonunun Vəngli kəndinə yola salınan ilk köç karvanı 22 ailədən (83 nəfər) ibarətdir. Onlar torpaqları işğal altında olduğu zaman ölkənin müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Kolatağ kəndinə isə ilk mərhələdə 26 ailə (89 nəfər) köçüb. Onlar da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr olub.
Doğma yurda çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin Qarabağ Universitetində (Xankəndi) təhsil alan tələbələr də daxil olmaqla, 50 mindən çox insan yaşayır.