Suraxanı Gənclər Evində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı tədbir keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Bakı Şəhər Gİİ-nin Suraxanı rayon üzrə Gənclər və idman sektoru və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə öncə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rəsmilər, ziyalılar, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda əlamətdar günün tarixindən söz açılıb, əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Beynəlxalq Gənclər Günü dünyada gəncliyin gücünü, yaradıcılığını və cəmiyyətə verdiyi töhfələri diqqətə çatdırmaq məqsədilə qeyd edilir. Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğının ölkəmizin etibarlı gələcəyi üçün atılan ən vacib addımlardan biri olduğu vurğulanıb.
Tədbirdə iştirak edən gənclər Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən eksponatlarla tanış olublar.