Tarixdəki olaylar

 

13 avqust 1961 – “Berlin divarı”nın tikintisi başlanıb. II Dünya müharibəsindən sonra Almaniyanın ikiyə bölünməsi ilə Berlin şəhəri sektorlara ayrılmışdı. Şərqi Berlin (sovet sektoru) ADR-in paytaxtı olmuş, Qərbi Berlin AFR-in ərazisində qalmışdı. 1945–1961-ci illər ərzində Şərqi Almaniyadan təxminən 2 milyon nəfər Qərbi Almaniyaya qaçmışdı. Uzunluğu 45 kilometr olan “Berlin divarı” bu prosesin qarşısını aldı. Berlin divarı 1989-cu ildə, Almaniyanın birləşməsindən bir il öncə söküldü.  

 

13 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən cənubda – Füzuli və Cəbrayıl rayonları istiqamətində genişmiqyaslı hücumu başlanıb. Ölkədə yaranmış ağır siyasi və hərbi böhran ermənilərin hücumunun qarşısını almağa imkan vermədi. Hücumun ilk mərhələsində hər iki rayonun keçmiş DQMV-nin inzibati sərhədləri boyunca yerləşən kəndləri işğal olundu.

 

13 avqust 2004 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2022-ci ilin 15 noyabrında Mehriban Əliyeva UNESCO-dakı fəaliyyətinə xitam verilməsi ilə bağlı təşkilatın baş direktoru Odri Azulaya məktub ünvanlayıb. Məktubda onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası və bölgənin dirçəldilməsi işlərinə aktiv cəlb olunduğu və bu vəziyyətdə UNESCO-nun Xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 avqust 1899 – Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899 – 29.4.1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

 

13 avqust 1944 – Əməkdar artist Mansur Əbdül oğlu Mansurov (1944 – 22.4.2020) Bakıda doğulub. 1970-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

 

13 avqust 1947 – Xalq artisti, rejissor Azər Paşa Zəfər oğlu Nemətov (1947 – 9.4.2023) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında işləyib. 1990-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb, teatrın bədii rəhbəri-baş rejissoru (2015), direktoru (2016-cı ildən) olub. Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik (2004-cü ildən) edib.

 

13 avqust 2004 – Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (15.7.1926 – 2004) vəfat edib. Şəki, Gəncə Dram teatrlarında çalışıb, filmlərdə ("Mən ki gözəl deyildim", "Ölsəm, bağışla" və s.) yaddaqalan obrazlar yaradıb.

 

13 avqust 2021 – Xalq artisti, aktyor Vaqif Məzahir oğlu Əliyev (31.7.1940 – 2021) vəfat edib. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Bakı Bələdiyyə Teatrında çalışıb.  

 Hazırladı: Vüqar Orxan