Turizmin və mədəniyyətin inkişafına töhfə
Azərbaycanın turizm potensialının tanıdılması və mədəni tədbirlərlə regionların inkişafına töhfə verilməsi məqsədilə 16 avqust 2025-ci il tarixində İsmayıllı rayonunda yerləşən "Castle Resort & Spa" hotelində “Castle Fest” adlı irimiqyaslı musiqi və əyləncə festivalı keçiriləcək.
Festival turizmin inkişafına dəstək, yerli istedadların tanıdılması və beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. İsmayıllının füsunkar təbiət qoynunda təşkil olunacaq tədbir, regiona əlavə dinamika qazandırmaqla yanaşı, yerli və xarici turistlər üçün də cəlbedici olacaq.
“Castle Fest”in səhnəsində həm əcnəbi, həm də yerli musiqiçilər çıxış edəcəklər.
Gecənin əsas qonağı Türkiyədən dəvət olunmuş elektron musiqi sahəsində tanınmış sima – DJ Armağan Oruç olacaq. Yerli estrada musiqisinin sevilən nümayəndələri – Nicat Həsənli, Neira, eləcə də canlı ifası və enerjisi ilə seçilən percussion şou ustası Orxan İsmayıl festival iştirakçılarına unudulmaz anlar yaşadacaq.
Musiqi proqramı ilə yanaşı, tədbir çərçivəsində müxtəlif əyləncəli və interaktiv fəaliyyətlər, həmçinin regionun milli mətbəx nümunələrinin təqdimatı da nəzərdə tutulur.
Festivalın təşkilatçısı bildirir ki, belə layihələr regionlarda mədəni həyatın canlanmasına və turizm axınının artırılmasına mühüm töhfə verir. İsmayıllı kimi turizm potensialı yüksək olan bölgədə keçirilən bu tədbir daxili turizmin inkişafı, yerli brendlərin tanınması və gənc istedadların dəstəklənməsi baxımından əhəmiyyətli addımdır.
“Castle Fest” yerli özəl sektorun təşəbbüsü və turizm ictimaiyyətinin fəal iştirakı ilə həyata keçirilir.
Bu cür festivalların davamlı şəkildə təşkil edilməsi yerlərdə mədəni həyatın daha da zənginləşməsinə və regionların ölkəmizin turizm xəritəsində mühüm yer tutmasına şərait yaradır.