Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası hərb tariximizdə xüsusi yeri olan, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin (1895–1938) həyat və fəaliyyətindən bəhs edən daycest və videomaterial hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən “Milli hərb sənətimizin iftixarı: Cəmşid Naxçıvanski – 130” adlı daycestdə əsmi sənədlərlə yanaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Sərkərdə” məqaləsinin tam mətni, 2015-2024-cü illərdə general haqqında dövrü mətbuatda dərc edilən 20-dən çox məqalənin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda isə generalın ölkəmizdə ilk milli atıcı diviziyanın komandiri, yaxşı təşkilatçı, bacarıqlı müəllim olmasından bəhs edilir. Yüksək ixtisaslı hərbi kadrların yetişdirilməsində müstəsna əhəmiyyəti olan generalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin, Naxçıvanda xatirə muzeyinin fəaliyyət göstərməsi diqqətə çatdırılır.

“Milli hərb sənətimizin iftixarı: Cəmşid Naxçıvanski – 130” adlı videomaterial da kitabxananın saytında yerləşdirilib.