Xəbər verdiyimiz kimi, 3–9 avqust tarixlərində Xankəndi şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi təşkil edilib.
Tədbirin son günü Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti, dirijor, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov, Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Xalq artisti, aktyor və rejissor, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov olub.
Dövlət Komitəsindən verilən məlumata görə, paneldə çıxış edən mədəniyyət xadimləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağda, Xankəndidə dünya azərbaycanlı gəncləri bir araya gəlmənin qürurunu böyük şövqlə dilə gətiriblər.
Çıxışlarda hər bir xalqın kimliyinin, tarixinin, dünyagörüşünün, dəyərlərinin ifadəsi və unikallığının nümayiş etdirilməsi baxımından mədəniyyətin əvəzsiz rolu diqqət mərkəzinə gətirilib. Qeyd olunub ki, xalqların gücü yalnız iqtisadi və ya hərbi sahədə deyil, onun mədəni irsində də öz əksini tapır. Məhz buna görə dünya azərbaycanlıları ölkəmizi həm də ən güclü vasitələrdən olan mədəniyyətlə təmsil etməli, ölkəmizə dostlar qazandırmalıdırlar. Gənclərə fərqli xalqlar və mədəniyyətlər arasında “mədəni körpü” rolu oynamaq, qarşılıqlı anlaşma, inteqrasiya və mədəni tolerantlıq barədə tövsiyələr verilib.
İştirakçılar diaspor gənclərinin yay düşərgələrinin bu baxımdan unikal bir platforma olduğunu bildirib və onun yaradılmasına görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.
İnteraktiv paneldə düşərgə iştirakçısı olan əcnəbi gənclərin Azərbaycan dilində danışmaları, qonaqları mahnılarla salamlamaları böyük coşqu yaradıb.
Xatırladaq ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Düşərgədə 61 ölkədən 128 gənc iştirak edib. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə ümumilikdə 700-dən artıq gənc qatılıb.