Tarixdəki olaylar
10 avqust 1787 – Türkiyə (Osmanlı) ilə Rusiya arasında Krım uğrunda müharibə başlayıb. Müharibənin ilk dövrü Osmanlının üstünlüyü ilə keçə də, sonradan Rusiya qoşunları Aleksandr Suvorovun komandanlığı altında bir neçə döyüşdə qalib gəldi. 1791-ci ildə imzalanan Yassı sülhünə əsasən, Rusiya Krıma və Qara dənizə qismən nəzarəti ələ keçirdi.
10 avqust 1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-nin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi.
10 avqust 1920 – Paris yaxınlığındakı Sevr şəhərində I Dünya müharibəsində məğlub olmuş Osmanlı dövlətinin ərazilərinin bölüşdürülməsinə dair saziş imzalanıb. Müttəfiq dövlətlərin (ABŞ, Britaniya, Fransa, İtaliya və s.) iflas həddindəki Osmanlıya qəbul etdirdikləri müqaviləyə əsasən, indiki Türkiyə ərazilərinin dörddə üçünü itirirdi. İstanbuldakı Osmanlı hökumətinin imza atdığı müqaviləni Mustafa Kamal Atatürkün öndərliyi ilə Ankarada toplanan (1920) Türkiyə Böyük Millət Məclisi təsdiqləmədi. 1923-cü ildə Türkiyə Lozanna konfransının çağrılmasına və Sevr sazişinin ləğvinə nail oldu.
10 avqust 1990 – Erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti terror aksiyalarını həyata keçirib. Tbilisi-Ağdam marşrutu üzrə avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub. Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda, Xanlar (Göygöl) rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı avtobus partladılıb, 17 nəfər həlak olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 avqust 1845 – Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845 – 6.7.1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət poema ədibin ən böyük əsəridir.
10 avqust 1895 – Rus şairi və yazıçısı Mixail Mixayloviç Zoşenko (1895 – 22.7.1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.
10 avqust 1910 – Aktyor, rejissor, Əməkdar artist İsmayıl Mahmud oğlu Əfəndiyev (1910 – 30.5.1967) Göyçayda anadan olub. “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Ş.Şeyxovla birgə) verib, filmlərin səsləndirilməsində iştirak edib.
10 avqust 1912 – Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado; 1912 – 6.8.2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.
10 avqust 1913 – Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 – 6.10.1992) anadan olub. Opera tamaşaları (“Leyli və Məcnun”, “Koroğlu”) və filmlərin (“Bir qalanın sirri”, “Qanun naminə”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.
10 avqust 1946 – Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 – 15.12.1995) anadan olub.
10 avqust 1949 – Xalq artisti, xanəndə Qəndab Nəbi qızı Quliyeva (1949 – 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli ("Leyli və Məcnun", "Əsli və Kərəm" – Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl" – M.Maqomayev) və s. partiyaları ifa edib.
10 avqust 1960 – Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960 – 3.5.2000) anadan olub. Azərbaycanda rejissor Vaqif Mustafayevin “Yaramaz” filmində (Hətəm) çəkilib.
Hazırladı: Vüqar Orxan