Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ingilisdilli “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” – “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” adlı beynəlxalq elmi resenziyalı dövri dərgisinin ilk sayı işıq üzü görüb.

Bu barədə institutdan məlumat verilib.

Azərbaycanda ictimai və sosial elmlər çevrəsində yeganə ingilisdilli dövri elmi dərginin elmi tədqiqat sahələrinə həm arxeologiyanın bütün mövcud istiqamətləri (aeroarxeologiya – havadan çəkiliş, georadar və lidar ölçmələr, arxeocoğrafiya, arxeometriya, bioarxeologiya, arxeobotanika, arxeozoologiya, döyüş sahəsi arxeologiyası, rəqəmsal və hesablama arxeologiyası, eksperimental arxeologiya, ətraf mühit arxeologiyası, epiqrafiya, landşaft arxeologiyası, numizmatika, dəniz arxeologiyası, muzeyşünaslıq, rekseologiya-təmassız tədqiqat və d.), həm də, paleopatologiya da daxil olmaqla, bioloji və mədəni antropologiya sahələri, eləcə də arxeologiya və antropologiya fəlsəfəsi daxildir.

Elmi jurnal müasir dünya standartlarına uyğun jurnal metadataları (Journal metadata), dərc detalları (Publication details), identifikatorlar (Journal identifiers: ISSN, DOI və d.) və müasir jurnal xüsusiyyətləri (Journal specifications) ilə təmin edilib. Məqalələr sosial və davranış elmləri üçün qəbul olunmuş APA stili, yəni, Amerika Psixoloqlar Assosiasiyasının tövsiyə və qaydaları üzrə tərtib edilib.

İngilisdilli jurnalın onlayn platforması olan ajaa.az rəsmi veb-saytı beynəlxalq oxucular üçün əlçatandır. Xüsusi, ISSN identifikatoruna malik jurnalın elektron resursu müasir dünya elmi jurnallarının veb-sayt parametrlərinə uyğun tərtib olunub. Beynəlxalq tədqiqat təşəbbüsü olan PKP (Public Knowledge Project – İctimai Bilik Layihəsi) tərəfindən yaradılan elmi jurnalların idarə edilməsi, redaktəsi, nəşri və onlayn təqdimatı üçün nəzərdə tutulmuş OJS (Open Journal Systems – Açıq Jurnal Sistemləri) açıq mənbə (open-source) platformasında olan ajaa.az rəsmi veb-saytında məqalələr əlçatandır (open access). PDF formatında məqalələr OJS platformasının verdiyi imkanlar çərçivəsində CrossRef, Google Scholar, ORCID və s. axtarış, data sistemi və indeksləşmə bazalarına inteqrasiya olunub.

Jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, Özbəkistan, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları və Almaniyanın tanınmış arxeoloqları və antropoloqları təmsil olunublar. Jurnalın baş redaktoru AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevdir.

ISSN və DOI üzrə beynəlxalq identifikasiya bazalarında təmsil olunan elmi jurnal başlanğıc mərhələsində ildə iki dəfə dərc ediləcək. Jurnalın elmi redaksiyasının strateji məqsədi dərginin tanınmış indeksasiya bazalarında mövqe tutmasıdır.

Jurnalın ilk nömrəsində dərc edilmiş məqalələr Azərbaycan ərazisində, əsasən, işğaldan azad edilmiş torpaqlarda son dövrdə aparılmış arxeoloji tədqiqatları əhatə edir. Məqalə həmmüəllifləri sırasında Azərbaycan alimləri ilə yanaşı, Yaponiya, İtaliya və Almaniya arxeoloqları da yer alıblar.