Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar.
Qeyd edək ki, tərəflərin birgə razılığına əsasən, paraflanan sülh sazişinin mətni avqustun 11-də dərc olunacaq.
Həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirləri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalanıb.
***
Biz 8 avqust tarixində Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannaməni məmnunluqla qarşılayır, bu mühüm addım münasibətilə Ermənistan və Azərbaycanı təbrik edir və onun gerçəkləşməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın mühüm rolunu yüksək qiymətləndiririk.
Bu fikirlər ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanatında yer alır.
Bəyanatda bildirilir ki, ATƏT hər iki ölkədə dayanıqlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş bütün səylərə sadiqliyini təsdiq edir: "ATƏT 8 avqust tarixli Birgə Bəyannamənin icrasına dair öz mandatı çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".
***
Fransa Xarici İşlər Nazirliyi (XİN) də avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki ölkənin münasibətlərinin normallaşdırılmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.
Bəyanatda Fransa bu addımı yüksək qiymətləndirib və ABŞ-yə bu prosesdə oynadığı rola görə təşəkkür edib. Qeyd edilib ki, sülh müqaviləsinin tezliklə imzalanması və ratifikasiyası bölgədə sabitliyin təmin olunmasında həlledici rol oynayacaq.
Fransa tərəfi ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflərin birgə çağırışını dəstəklədiyini də bildirib.
Bəyanatda qeyd edilib ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, habelə 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş prinsiplərə riayət etməklə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional əlaqələrin inkişafı və sərhədlərin yenidən açılması Cənubi Qafqazın region əhalisinin mənafeyi naminə sülh və firavanlıq bölgəsinə çevrilməsinə imkan verəcək.
Fransa Avropa tərəfdaşları ilə birlikdə bu istiqamətdə səylərini davam etdirəcəyini və Avropa Siyasi Birliyi çərçivəsində fəal iştirak edəcəyini qeyd edib.
Xatırladaq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik məqsədilə 1992-ci ildə təsis edilən və 1997-ci ildə formatı yenilənən ATƏT-in Minsk Qrupunun üç həmsədri vardı: Rusiya, ABŞ, Fransa.