
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edib.
ARKA-nın saytında yer alan məlumata görə, müsabiqəyə müraciətlərin qəbulu sentyabrın 1-də başlayacaq.
Müsabiqə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin və müvafiq sahə ilə bağlı olan özəl sektor nümayəndələrinin dəstəklənməsi məqsədilə keçirilir.
Müsabiqə bu mövzuları əhatə edir:
• Məşhur xadim (mədəni, ədəbi, siyasi, idman və s.) haqqında;
• Tarixi Azərbaycan dövləti və ya tarixi hadisə haqqında;
• Azərbaycan nağıl və ya dastanlarının motivləri əsasında;
• Müasir innovasiya hadisələrinin qəhrəmanları haqqında;
• Azərbaycan tarixində iz qoyan qadınlar haqqında;
• Vətən Müharibəsi qəhrəmanlarının timsalında Vətən müharibəsi haqqında;
• Klassik Azərbaycan filmlərinin müasir dövrümüzə uyğunlaşdırılması;
• Qəhrəmanı uşaq olan və uşaqlara xitab edən film;
• Musiqili janrda film;
• Mozalanın 55 illiyinə həsr olunmuş aktual satirik janrda film.
Müsabiqəyə yalnız Azərbaycan dilində olan film layihələri təqdim olunmalıdır. Qalib layihələrə əsasən istehsal ediləcək filmlər iştirakçılarla bağlanacaq müqavilələrdə əvvəlcədən razılaşdırılmaqla Azərbaycan dilində və ya Azərbaycan dilində subtitrlərlə və ən azı ikisəsli dublyajla təmin edilmək şərtilə xarici dildə ola bilər.
Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Xatırladaq ki, ARKA-nın bundan öncə elan etdiyi “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi sonuncu – pitçinq mərhələsinə çatıb.
Müsabiqəyə 41 yerli film istehsalçısı və prodüser şirkəti tərəfindən ümumilikdə 88 layihə təqdim olunub. Onlardan 29 layihə (o cümlədən tammetrajlı bədii film layihələri – 6; qısametrajlı bədii film – 8; bədii-sənədli film –4; sənədli film – 3; animasiya filmləri – 5; tələbə filmləri – 3) pitçinq mərhələsində iştirak hüququ qazanıb.