Avqustun 16-da Xalq şairi, dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, akademik Bəxtiyar Vahabzadənin (1925–2009) anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı silsilə tədbirlər keçirilir.
Bu günlərdə Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyində yubiley münasibətilə sərgi açılıb.
Sərgidə şairin kitabları, yaradıcılığına həsr edilmiş ədəbiyyat, əsərləri əsasında çəkilmiş rəsmlər, portret xalçalar nümayiş olunur.
Sərginin açılışında Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı, Milli Məclisin deputatı Cavanşir Feyziyev də iştirak ediblər.
Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli dövlət başçısının sərəncama müvafiq olaraq keçirilən tədbirlərin Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək ehtiramdan qaynaqlandığını söyləyib, şairin 12 cilddən ibarət "Seçilmiş əsərləri"nin nəşrinə görə millət vəkili Cavanşir Feyziyevə minnətdarlığını bildirib.
Sərgi avqustun sonunadək davam edəcək.