Festivalın dörd ayı arxada qalıb...
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il beşincisi təşkil edilən Mədəniyyət Yolu Festivalı 2–10 avqust tarixlərində Nevşehirdə davam edir.
UNESCO-nun Dünya İrs Siyahısında yer alan Kapadokyası ilə məşhur olan Nevşehir Mədəniyyət Yoluna üçüncü dəfə ev sahibliyi edir və builki festivalın sayca 8-ci marşrutudur.
Yada salaq ki, Türkiyənin tarixi-mədəni irsini, görməli yerlərini, turizm potensialını daha geniş şəkildə tanıtmaq və təbliğ etmək məqsədi daşıyan festival bu il 5 apreldə Adanada başlayıb. Ardınca Mədəniyyət Yolu Manisa (17–25 may), Şanlıurfa (24 may – 1 iyun), Samsun (21–29 iyun), Bursa (28 iyun – 6 iyul), Trabzon (5–13 iyul) və Van (12–20 iyul) şəhərlərindən keçib. Hər şəhərdə 9 günlük proqramı olan festival noyabr ayınadək ümumilikdə 20 şəhəri əhatə edəcək.
Nevşehir Mədəniyyət Yolu Festivalı bu il də Kapadokya Universitetinin Ürgüp kampusunda mətbuat konfransı ilə başlanıb.
Mərasimdə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı, Nevşehir valisi Ali Fidan, festivalın bu mərhələsinə çeşidli proqramlarla qatılan Çinin Türkiyədəki səfiri Jiang Xuebin çıxış ediblər.
Gökhan Yazgı bildirib ki, 2021-ci ildə əsası qoyulan və ötən müddətdə Türkiyənin ən əhatəli mədəniyyət və incəsənət tədbirinə çevrilən festival ölkənin turizm imkanlarının təbliğinə də böyük töhfə verir. Nazir müavini diqqətə çatdırıb ki, BMT Turizmin hesabatına görə, Türkiyə 2024-cü ildə 56,7 milyon nəfər əcnəbi ziyarətçi sayı ilə qlobal turizmdə 4-cü yerə yüksəlib. 2025-ci ilin birinci yarısında ölkə 26 milyondan çox turist və 25,8 milyard dollar turizm gəliri ilə bu sahədə tarixinin ən yüksək nəticəsinə nail olub. Türkiyənin 2025-ci il sonu üçün hədəfi isə 60 milyon turist qəbul etmək və sektorda 64 milyard dollar gəlir əldə etməkdir.
Mədəniyyət Yolu Festivalını üçüncü dəfə qəbul edən Nevşehirin də zəngin mədəni irs və turistik potensialı olduğunu vurğulayan Gökhan Yazgı festival müddətində şəhərin açıq hava səhnəsinə çevriləcəyini, hər yaşdan və maraq dairəsindən olan sənətsevərlər üçün 40-a yaxın məkanda 400-ə yaxın tədbirin keçiriləcəyini deyib.
Vali Ali Fidan da festivalın bölgənin tanıdılmasına əhəmiyyətini qeyd edərək yerli və beynəlxalq qonaqların konsertlər, sərgilər, sənət emalatxanaları, qastronomik təcrübələr və digər proqramlara qatılaraq vaxtlarını mənalı keçirə biləcəklərini bildirib.
Festivalın konsert proqramında Murat Boz, Murat Dalkılıç, Sinan Akçıl, Uğur Işılak kimi populyar sənətçilər səhnəyə çıxırlar. 7-10 avqust tarixlərində isə bölgənin səması çeşidli ölkələrdən gələn iştirakçıların hava şarlarında nümunəvi uçuşlarına səhnə olacaq.
Festival günlərində qonaqlara bölgənin ağız dadı ləzzətləri də təqdim edilir. Yeri gəlmişkən, Anadolunun minillik kulinariya mirasını yaşadan Kapadokya mətbəxi bu sahədə dünya bələdçisi sayılan “Michelin Guide”ın 2026-cı il üçün seçiminə daxil edilib. Bu barədə məlumatı paylaşan mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy diqqətə çatdırıb ki, Kapadokya İstanbul, İzmir və Muğladan sonra Türkiyənin bu mötəbər seçimə daxil edilən dördüncü bölgəsidir.
Mədəniyyət Yolu Festivalı Nevşehirdən sonra Ərzurumda (16–24 avqust), ardınca Çanakkale (30 avqust – 7 sentyabr) və Kayseridə (6–14 sentyabr) davam edəcək. Festivalın son dayanacağı Antalya (1–9 noyabr) olacaq.
Festivalın bütün şəhərlər üzrə proqramı ilə kulturyolufestivali.com saytında tanış olmaq olar.
Vüqar Orxan