Tarixdəki olaylar
5 avqust 1918 – Azərbaycanda hərbi donanmanın yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin dəniz donanması təşkil olunub. Donanma ilk mərhələdə cəmisi 6 qayıq və gəmidən ibarət olub. Azərbaycanın sovetləşməsindən sonra “Qırmızı Donanma” adlandırılan hərbi-dəniz qüvvələri bolşevik Rusiyasının (daha sonra isə SSRİ-nin) Xəzər Hərbi Donanmasının tərkibinə daxil olub. SSRİ-nin dağılmasından (1991) sonra donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb və 1992-ci ilin iyulunda Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında reydə çıxıblar. Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda "Hərbi donanma günü" kimi qeyd olunur.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 avqust 1844 – Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844 – 29.9.1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Tövbədən imtina” və s.
5 avqust 1850 – Fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850 – 6.7.1893) anadan olub. Romanları: “Həyat”, “Əziz dost”, “Arzu alovu” və s.
5 avqust 1860 – İngilis rəssamı Luis Veyn (Louis William Wain; 1860 – 4.7.1939) anadan olub.
5 avqust 1890 – Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1890 – 16.4.1961) Bakıda doğulub. 1925-ci ildən Opera və Balet Teatrının solisti olub.
5 avqust 1896 – Xalq artisti, vokalçı Roman Maksimoviç Trifonov (1896 – 5.4.1966) Saratovda (Rusiya) doğulub. 1948-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
5 avqust 1937 – Xalq artisti, tanınmış skripka ifaçısı Sərvər Soltan oğlu Qəniyev (1937 – 5.9.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti, Qahirə Konservatoriyasında (Misir) kafedra müdiri, Türkiyənin Bilkənd Universitetinin professoru, simfonik orkestrin bədii rəhbəri olub.
5 avqust 1948 – Əməkdar rəssam Arif Əli oğlu Məhərrəmov (1948 – 9.8.2022) anadan olub. “Azərbaycanfilm”də bir sıra bədii (“Qocalar, qocalar”, “O dünyadan salam” və s.) və animasiya filmlərinin quruluşçu rəssamı olub.
5 avqust 1950 – Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə (1950 – 31.7.2019) anadan olub.
Hazırladı: Vüqar Orxan