Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı başsağlığı verib.

TÜRKSOY-un rəsmi sosial şəbəkə hesabında yayımlanan başsağlığı mətnində deyilir:

“Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarından biri, tanınmış yazıçı və dövlət xadimi Elçin Əfəndiyevin vəfatı xəbərini dərin kədərlə qarşıladım. O, Azərbaycan və bütün Türk dünyasının ədəbi irsinə misilsiz töhfə verib”.

Baş katib Elçin Əfəndiyevi Türk dünyasının ən tanınmış qələm ustalarından biri adlandırıb və onun yaradıcılığının xalqın yaddaşında dərin iz buraxdığını qeyd edib.

S. Raev yazıçının “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” kimi məşhur əsərlərini xatırladıb.

“Elçin Əfəndiyev xalqına yalnız qələmi ilə deyil, həm də dövlət xidmətindəki vəzifə borcunu yerinə yetirməklə xidmət etmiş, Azərbaycanın mədəni inkişafında və Türk dünyasının birlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynamışdır. Yazıçının ailəsinə, yaxınlarına, Azərbaycan xalqına və bütün Türk dünyasına başsağlığı verirəm”, – deyə başsağlığında qeyd olunur.

 

“Bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim”

 

“Mənim üçün çox böyük itki, çox böyük ağrıdır” – bunu isə  Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar bildirib (lent.az).

“Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim...”, – deyə Anar əlavə edib.

Xatırladaq ki, Elçin Əfəndiyev avqustun 3-də 82 yaşında dünyasını dəyişib.

Mərhumla vida mərasimi avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilir.