Qrafik dizayner və rəssam Rəsul Həsən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə unikal sənət əsəri ərsəyə gətirib. Rəssam bəstəkarın portretini onun məşhur “Arazbarı” əsərinin notları əsasında təsvir edib və bu sənət nümunəsini Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinə hədiyyə edib.
Təqdimat zamanı müəllif muzeyin direktoru Xalq artisti Sərdar Fərəcovla görüşüb.
S. Fərəcov belə qeyri-adi yanaşma ilə ərsəyə gəlmiş sənət əsərini yüksək qiymətləndirərək, müəllifə təşəkkürünü bildirib.
Rəsul Həsən portretin ideyasının uzunmüddətli yaradıcılıq fəaliyyətinin tərkib hissəsi olduğunu vurğulayır. O, illər ərzində Üzeyir bəyə həsr olunmuş müxtəlif əsərlər hazırlayıb. Bu sıraya rəqəmsal portretlər, rənglənmiş fotolar, bərpa olunmuş videolar və digər qrafik işlər daxildir. Bu dəfə isə bəstəkarın öz musiqisi üzərindən bir portret yaratmaq qərarına gəlib. Musiqinin notlarından istifadə edilərək yaradılan portret həm bəstəkarın fərdi xüsusiyyətlərini, həm də musiqimizin zənginliyini əks etdirir.
Rəssam bildirir ki, Üzeyir bəy yalnız bir bəstəkar deyil, eyni zamanda Azərbaycanın mədəni, ictimai tarixində dərin iz qoymuş fikir adamıdır. Onun sənətini yaşatmaq istiqamətində atılan hər bir addım milli irsimizin qorunması deməkdir.
Qeyd edək ki, Rəsul Həsənin 2015-ci ildə “Düha”, 2018-ci ildə isə “Düha 2” adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil olunub. O, həmçinin Azərbaycanda ilk dəfə brendinq sahəsini əhatə edən “Bir brendin hekayəsi” adlı kitabın (2018) müəllifidir. Bundan əlavə, “Qrafik dizaynın əsasları” (2021) və “Azərbaycan qrafik dizayn tarixi” (2023) kitabları nəşr olunub.
Vəfa Bağırzadə
Üzeyir Hacıbəylinin ev-muzeyinin şöbə müdiri