Avqustun 2-də görkəmli aktyor, Azərbaycan Respublikası Kino Agentliyinin Müşahidə Şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Fəxrəddin Manafovun 70 yaşı tamam olub.
Bu münasibətlə Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.
Fəxrəddin Manafovu 70 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli ona xoş arzularını çatdırıb.
Qeyd olunub ki, aktyor ömrünün böyük hissəsini Azərbaycanın kino sənətinə həsr edib, müxtəlif ekran əsərlərində oynadığı xarakterik rollarla ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb. Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2025-ci il 1 avqust tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülməsi onun kino sənətindəki xidmətlərinə göstərilən diqqətin nümunəsidir.
Adil Kərimli Fəxrəddin Manafovun mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və diplomu yubilyara təqdim edib.
Xalq artisti yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
***
Avqustun 1-də kinoşünas, rejissor, ssenarist, pedaqoq, Əməkdar incəsənət xadimi Ayaz Salayevin 65 yaşı tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyində kino xadimi ilə görüş olub.
Nazir Adil Kərimli rejissoru anadan olmasının 65 illiyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Ayaz Salayevin Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərini qeyd edən nazir onun kinoşünas kimi də təqdirəlayiq işlər gördüyünü bildirib.
Milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələrə görə Ayaz Salayevə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim edilib.
Ayaz Salayev fəaliyyətinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.