1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Əlamətdar gün Prezident Heydər Əliyevin müvafiq fərmanına əsasən, 2001-ci il avqustun 1-də latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatması münasibətilə ilə elan edilib.
Tarixdəki olaylar
1 avqust 1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda müharibənin ilk döyüşündə Osmanlı məğlub olub. On gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.
1 avqust 1918 – Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb. “Bakı Kommunası”nın süqutundan sonra yaranan qurum da bolşeviklər kimi eyni məqsədi – Xalq Cümhuriyyəti hökumətinin Bakıya gəlişinin qarşısını almağı məqsəd güdürdü. Lakin onlar buna müyəssər olmadılar. İngilislərin Bakıya çağırılması da işə yaramadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı azad edildi.
1 avqust 2001 – Azərbaycan Respublikası ərazisində bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alan Prezident Heydər Əliyev 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 avqust 1819 – Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819 – 28.9.1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
1 avqust 1896 – Əməkdar incəsənət xadimi, rəssam Həsənağa Hacağa oğlu Mustafayev (1896 – 22.4.1971) anadan olub. Opera və Balet, Musiqili Komediya və b. teatrlarda tamaşalara səhnə tərtibatı verib.
1 avqust 1929 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (1929 – 15.1.2010) anadan olub.
1 avqust 1934 – Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1934 – 8.9.2005) Lerik rayonunun Hoveri kəndində anadan olub.
1 avqust 1948 – Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Yunus oğlu Muradov (1948 – 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.
1 avqust 1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916 – 1961) vəfat edib.
1 avqust 1981 – Əməkdar artist Əliheydər (Heydər) Həsənzadə (1913–1981) vəfat edib. Naxçıvan Dövlət Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrlarında çalışıb, filmlərdə çəkilib.
1 avqust 2024 – Əməkdar artist, Lənkəran Dövlət Dram Teatrının aktrisası Zemfira Musabala qızı Nəcəfova (1.4.1950 – 1.8.2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan