İyulun 30-da Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi bu ölkənin milli bayramı – Taxt-tac Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdəki inkişaf yolundan danışıb. Diplomat Mərakeşlə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir.

Mədəniyyət naziri Adil Kərimli dost ölkənin milli bayramını Azərbaycan Hökuməti adından təbrik edib. Qeyd olunub ki, bu gün ölkələrimiz siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. İki ölkə rəhbərlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri Azərbaycan-Mərakeş əlaqələrinin hərtərəfli inkişafında mühüm rol oynayır.

Çıxışlardan sonra mərasim ziyafətlə davam edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədə təbrik məktubu göndərib.

Məktubda deyilir: 

"Əlahəzrət,

Əziz Qardaşım,

30 İyul – Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".