Lənkəran-Astara RMİ-nin tabeliyindəki Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri “Binyamin Gallery” tərəfindən təşkil olunan “Dənizin səsi” adlı rəsm müsabiqəsində iştirak edərək uğur qazanıblar.

Nəticələrə əsasən, Aysun Qasımova I, Ayan Qafarzadə və Dəniz Nuriyeva II, Fatma Panalizadə, Səma Axundova və Zəhra Dövlətova III yerə layiq görülüblər. Digər iştirakçılar sertifikatla təltif olunub.

***

Astara rayon Heydər Əliyev Mərkəzində 31 İyul – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dövlət üçün bmühüm əhəmiyyət kəsb edən strukturlar fəaliyyətə başlayıb. Heydər Əliyevin 2002-ci il iyulun 31-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərmanın ölkəmizin sərhədlərinin etibarlı mühafizəsində önəmli rolu olub.

Sonra “Sərhəddən başlayan Vətən” mövzusunda film nümayiş olunub.

***

Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Korrupsiya cəmiyyətin görünməyən düşməni” başlığı altında tədbir keçirilib.

Çıxış edənlər dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin, dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının İlə bağlı görülən tədbirlərin vacibliyini vurğulayıblar.

***

Lerik rayon Mədəniyyət Mərkəzində XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin (1835–1888) 190 illiyi ilə əlaqədar tədbir keçirilib.

Çıxışlarda şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, hələ gənc yaşlarında təhsil almaq həvəsi Seyid Əzimi İraqa – Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparıb. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra orada yeni üsul üzrə məktəb açaraq ömrünün sonuna qədər burada müəllimlik edib.

Bildirilib ki, şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr və yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir.

Sonda Uşaq incəsənət məktəbinin müəllimi Səyyad Əhədov Seyid Əzim Şirvaninin qəzəllərindən muğam parçaları ifa edib.

Hazırladı: N.Məmmədli