Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi, “Vətən sağ olsun” və “Vətən övladları” xeyriyyə cəmiyyətlərinin birgə təşkilatçılığı ilə Mehdi Fərzullazadənin 30 illiyinə həsr olunmuş “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib.
Tədbirdə rəsmilər, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd edilib ki, hər bir şəhid bu torpağın azad nəfəsi, tariximizin şanlı səhifəsidir. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, həyatını gələcək nəsillərin rifahı və azadlığı naminə fəda etmək deməkdir. Vətən uğrunda can verən igidlərimizi tanımaq və tanıtmaq, onların keçdiyi şərəfli yolu öyrənmək hər bir vətəndaşın borcudur.
Tədbirin bədii hissəsində mahnılar və şeirlər səsləndirilib.
Mehdi Zaman oğlu Fərzullazadə 27 iyul 1995-ci ildə Bakının Bülbülə kəndində anadan olub. 2013-2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü gedib. Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində döyüşüb. 7 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.