30 iyul dünyada "İnsan alverinə qarşı mübarizə günü” kimi qeyd edilir. Bu gün BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnamə ilə təsis olunub.
Milli Kitabxanada “30 iyul – Dünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual kitab sərgisi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzuya dair rəsmi sənədlər, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi, normativ-hüquqi aktlar, insan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi və s. mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxananın saytında yerləşdirilən vəsaitdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlərin tam mətni təqdim edilir.
Materialda “İnsan alverinin qurbanına çevrilməyək...” başlığı altında dünyada ciddi problemə çevrilən insan alveri, onun qurbanları, müdafiə yolları, bu insanların sonradan cəlb olunduqları reabilitasiya proqramları, onlarla aparılan maarifləndirmə işləri və digər bu kimi mövzular haqqında məlumat verilir.
Biblioqrafik icmalda Azərbaycan və rus dillərində nəşr edilən “Miqrasiya, insan alveri və onunla əlaqədar olan sağlamlıq riskləri”, “İnsan alverinə qarşı mübarizə üzrə bələdçi”, “İnsan alveri ilə mübarizə”, “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi” kimi 20-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri və bu mövzuda 2014-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı verilib.