Tarixdəki olaylar

 

30 iyul 1435 – Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahruxun və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb. Atası Qara Yusifin ölümündən sonra taxta çıxan İsgəndər Qaraqoyunlu dövlətinin ərazisini genişləndirmək üçün bir neçə dəfə Şirvana hücumlar etsə də, istəyinə nail olmamışdı. İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dönəmində Qaraqoyunlu dövləti indiki İran və İraqın böyük hissəsində hakim oldu.

 

30 iyul 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

30 iyul 1511 – İtalyan memar, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511 – 27.6.1574) anadan olub.

 

30 iyul 1818 – İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818 – 19.12.1848) anadan olub. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.

 

30 iyul 1896 – Azərbaycanın Xalq artisti Marqarita Matveyevna Annenskaya (1896 – 11.1.1967) Tiflisdə doğulub. 1930-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.

 

30 iyul 1942 – Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942–1996) anadan olub.

 

30 iyul 2018 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (5.10.1935 – 2018) vəfat edib. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

 Hazırladı: Vüqar Orxan