AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan vyetnamlı ədəbiyyatşünas alimlərlə görüşüb.
Bu barədə AMEA-dan bildirilib.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycanla Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli elm sahəsində də əlaqələrin əhəmiyyətinə toxunub.
Akademiyanın tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verən İsa Həbibbəyli keçmiş sovet dövründə, digər respublikalarda olduğu kimi, Azərbaycanda da əsasən Avropa və Amerika ədəbiyyatının öyrənildiyini, Asiya ölkələri ilə bağlı tədqiqatlara önəm verilmədiyini deyib. Müstəqillik dövründə ilk dəfə olaraq 2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Asiya xalqları ədəbiyyatı şöbəsinin yaradıldığı diqqətə çatdırılıb. Bildirilib ki, şöbənin əməkdaşı Sevda Məmmədova Vyetnam ədəbiyyatına dair fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edilib.
Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien keçən ilin dekabr ayında AMEA-da keçirilmiş “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın nəticələrinin əhəmiyyətli olduğunu vurğulayıb, tədbir barədə Vyetnamın rəsmi qəzetində geniş məqalə ilə çıxış etdiyini bildirib. Ölkələrimiz arasında elm sahəsində əlaqələrin qurulmasının vacibliyindən danışan vyetnamlı professor Hanoy Universitetində türkologiya üzrə elmi mərkəzin yaradılması ilə bağlı layihə üzrə işlənildiyini, qurumun elmi-ədəbi əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini bildirib.
Vyetnamlı araşdırmaçı, yazıçı, jurnalist və tərcüməçi Di Li isə çıxışında elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsində AMEA ilə əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzinin yaradılması, AMEA ilə Hanoy Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşılıqlı kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub.
Sonra qarşılıqlı kitab hədiyyələri təqdim edilib.
Görüşdə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə də iştirak edib.
Qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.