Tarixdəki olaylar

 

28 iyul 1723 – I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycana ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.

 

28 iyul 1914 – I Dünya müharibəsi (1914–1918) başlanıb. “Antanta bloku” (Rusiya, Fransa, Böyük Britaniya) və “Dördlər ittifaqı” (Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Bolqarıstan) arasında müharibə Avstriya-Macarıstanın Serbiyaya savaş elan etməsi ilə alovlanıb. 1 avqustda Serbiyanın müdafiəçisi kimi Rusiya müharibəyə qoşulub. Ardınca Almaniya,  avqustun 3-də Fransa, 4-də Britaniya, sonra Osmanlı dövləti savaşa qatılıb. Dörd il (11 noyabr 1918-ci ilədək) sürən müharibədə ümumilikdə 38 dövlət iştirak etmiş, 12 milyondan çox insan həlak olmuşdu. Müharibə nəticəsində dörd imperiya (Çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan, Kayzer Almaniyası) süqut etdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 iyul 1750 – Alman bəstəkarı Yohann Sebastian Bax (Johann Sebastian Bach; 31.3.1685 – 1750) vəfat edib. Operadan savayı əksər musiqi janrlarında əsərlər, o cümlədən 200-dən çox kantata, 250-dək orqan musiqisi yazıb.

 

28 iyul 1812 – Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski; 1812 – 19.3.1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.

 

28 iyul 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 – 15.9.2006) Bakıda doğulub. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və s. əsərlərin müəllifidir.  Filmlərə musiqi (“Şərikli çörək”, “Həyat bizi sınayır”) yazıb. Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri (2000–2006) olub.

 

28 iyul 1937 – Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 1937) vəfat edib. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl”, “Nərgiz” operalarını yazıb. Azərbaycan Radiosunda musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

 

28 iyul 1945 – Əməkdar mədəniyyət işçisi, ustad aşıq Səyyad Məşədi oğlu Pənahov (1945 – 16.2.2019) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.

Hazırladı: Vüqar Orxan