Müxtəlif dillərdə Azərbaycanı dünyaya tanıdan "İRS" beynəlxalq jurnalının rusca növbəti nömrəsi Moskvada nəşr olunub.

Nömrə baş redaktor Musa Mərcanlının icmal məqaləsi ilə açılır. Məqalə azərbaycanlıların azad edilmiş torpaqlara qayıdışı mövzusuna və Ermənistan ərazisindən həmvətənlərimizin zorla deportasiya edilməsi probleminə həsr olunub.

Qeyd olunur ki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun şəkildə qaçqınların ata-baba yurdlarına dinc və ləyaqətli qayıdışını təmin etmək üçün ardıcıl siyasət həyata keçirir. Eyni zamanda, bu istiqamətdə irəliləyişə mane olan Ermənistan tərəfinin destruktiv mövqeyinə də diqqət yönəldilir.

Nömrədə Qərbi Azərbaycanın – XX əsrdə azərbaycanlıların mərhələli şəkildə deportasiyaya məruz qaldığı regionun tarixinə dair silsilə yazılar dərc olunub. Bu məqalələr tarixin unudulmuş səhifələri barədə biliklərin dərinləşdirilməsinə və keçmişə obyektiv yanaşmanın formalaşdırılmasına yönəlib.

Azərbaycan Xalq Cümhuriyyətinin Batumidəki konsulu Məmməd bəy Əfəndiyev haqqında məqalə xüsusi maraq doğurur. Onun diplomatik fəaliyyəti çətin tarixi dövrə təsadüf edib və o, qaçqın axınları və siyasi təlatümlərə baxmayaraq, vətənə sədaqət nümunəsi göstərərək sonadək vəzifəsinin başında qalıb.

XX əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi qadınlara həsr olunmuş rubrika da davam etdirilib. Məqalədə vurğulanır ki, məhz Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olub. Bu tarixi nailiyyət uzun illər sovet tarixşünaslığında faktların təhrif edilməsi səbəbindən diqqətdən kənarda qalıb.

Görkəmli memar, akademik Mikayıl Hüseynova dair yazı da oxuculara maraqlı olacaq. Onun yaradıcılığı Azərbaycan və keçmiş SSRİ şəhərlərinin memarlığında milli ənənələrin dərin qavranılması və forma quruculuğuna novator yanaşması ilə seçilir.

Nömrədə həmçinin, Azərbaycanın zəngin tarixi-mədəni irsini və müasir dövrün aktual məsələlərini əks etdirən digər materiallar da təqdim olunub.