Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayının kollektivi Tələbə və gənclər cəmiyyəti ilə birlikdə milli mətbuatın 150 illiyinə həsr olunmuş “Sözün gücü, qələmin qüdrəti” adlı tədbir keçirib.
Əvvəlcə milli mətbuatın yaradılması tarixi barədə məlumat verilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyi mədəni və ictimai tariximizdə mühüm dönüş nöqtəsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə başlayan bu şərəfli yol, müxtəlif tarixi dövrlərdən keçib və bu gün müasir Azərbaycan mətbuatının əsasını təşkil edir.
Bədii hissədə şeirlər səsləndirilib, “Lalələr” rəqs kollektivinin ifası təqdim edilib.
“Gənclərin səsi” platformasının gənc aktyorları səhnəciklər nümayiş etdiriblər.
Sonda Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən rəsm kursunun və Tələbə və gənclər cəmiyyətinin fəal üzvlərinin “Əkinçi” qəzetinə həsr etdikləri sərgiyə baxış olub.