İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və “Gilan”ın dəstəyi ilə keçirilən festival dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885–1948) anadan olmasının 140-cı ildönümünə təsadüf edir.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi çəxslər, ictimaiyyət və mədəniyyət xadimləri, Qəbələnin sakinləri və qonaqları iştirak ediblər.
Festivalın bədii rəhbəri. Ü.Hacıbəyli adına BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.
Qeyd olunub ki, 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq on dörd ildir ki, dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq, beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu sənət bayramı təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda, xalqları birləşdirən, sərhədləri aşan mənəvi dəyərlərin təcəssümüdür.
Festivalın bədii rəhbəri bildirib ki, bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı da Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilir.
Sonra söz musiqiyə verilib. Festivalın açılış konsertində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunub.
Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu festivalı Üzeyir bəyin “Cəngi” əsəri ilə açıb.
Musiqi tariximizin inciləri ilə dolu axşamda Səid Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin və digər bəstəkarların əsərləri, eləcə də xalq mahnıları səslənib.
Festival iyulun 29-dək davam edəcək.
Festivalda Azərbaycanla yanaşı Latın Amerikası, Litva və Gürcüstandan musiqiçilər də çıxış edəcəklər. Festival çərçivəsində klassik musiqidən muğama, cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq. Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.