Azərbaycan Respublikasında uşaq hüquqları Konstitusiya, müvafiq qanunvericilik aktları və beynəlxalq normalarla qorunur. Ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi “Uşaqların sosial hüquqları və suverenlik” mövzusunda tövsiyə biblioqrafiyası hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
Biblioqrafik vəsaitdə uşaq hüquqlarının mahiyyəti, respublikamızda bu sahədə mövcud vəziyyət, beynəlxalq və yerli rəsmi sənədlər, qanunvericilikdə əks olunmuş müddəalar və bu istiqamətdəki çağırışlar əhatə olunub. Həmçinin 8 adda kitab və 18 adda dövri mətbuat materialının biblioqrafik və tam mətnli təsvirləri təqdim edilib.
Əsas məqsəd uşaqların sosial hüquqlarına dair maarifləndirmə aparmaq, onların hüquqi biliklərini artırmaq və bu sahədə mövcud resursları sistemli şəkildə təqdim etməkdir.
Biblioqrafik mənbə ilə aşağıdakı linkdə tanış olmaq olar:
***
Respublika Uşaq Kitabxanasının daha bir tövsiyə biblioqrafiyası bu il anadan olmasının 140 illik yubileyi qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəyli (1885–1948) haqqındadır.
Biblioqrafik vəsaitdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, 140 illiyinə həsr edilmiş sərəncam, görkəmli şəxslərin bəstəkar haqqında fikirləri, həmçinin 24 adda kitab və 26 adda dövri mətbuat materialının tam mətnli təsvirləri yer alıb.
Tövsiyə biblioqrafiyası geniş oxucu auditoriyası, xüsusilə də gənc nəslin istifadəsi üçün nəzərdə tutulub. Məqsəd dahi bəstəkarın zəngin irsini təbliğ etməkdir.
Biblioqrafik mənbə ilə bu link vasitəsilə tanış ola bilərsiniz:
***
Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi isə Azərbaycan ədəbiyyatının görkəmli şairi və maarifçisi Seyid Əzim Şirvaninin (1835–1888) 190 illik yubileyi münasibətilə veblioqrafiya tərtib edib.
Veblioqrafiyada şairin həyat və yaradıcılığı, 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam, görkəmli şəxslərin haqqında fikirləri, eləcə də onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə dair foto materiallar öz əksini tapıb.
Bibliorafik vəsaitdə Seyid Əzim Şirvaninin əsərlərinin toplandığı kitablar, haqqında olan 3 kitab və dövri mətbuatda dərc edilmiş 38 adda məqalənin biblioqrafik və tam mətnli təsvirləri də yer alıb.
Biblioqrafik mənbənin linki aşağıda: